Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası (AISA) tərəfindən 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü ilə bağlı elan edilmiş SƏTƏMM ayı çərçivəsində növbəti layihə olaraq 30 aprel tarixində Heydər Əliyev adına Neft emalı zavoduna sahə ziyarəti təşkil edilib. Gəzintidə AISA üzvləri və bir sıra şirkətlərin - “Azergold”, “Azerfloat”, “Socar STP” MMC, “IODICO”, “Proess” MMC, “Araz Supermarket” MMC şirkətlərinin SƏTƏMM mütəxəssisləri iştirak edib.
İlk olaraq, “Socar Downstream Management” MMC-nin (SDM) əməkdaşları tərəfindən istehsalat ərazisində olan təhlükəsizlik tədbirləri ilə bağlı təlimatlandırma keçirilmiş, sonrasında “Socar Downstream Management” MMC-nin SƏTƏMM və Proses Təhlükəsizliyi üzrə direktoru İbrahim Server Sevil iştirakçılara gəzintinin programı və SƏTƏMM sahəsində tətbiq edilən dəyişikliklər ilə bağlı ümumi məlumat vermişdir.
Gəzintinin davamında, iştirakçılar SDM-in proses təhlükəsizliyi üzrə mühəndisi Mustafa Şərifovun müşayiəti ilə zavod ərazisindəki istehsalat prosesi, avadanlıqlar, təhlükəsizlik prosesi və zavodda gedən modernizasiya layihəsi haqqında ətraflı məlumatlandırılmış və iştirakçıların sualları cavablandırılmışdır.
Layihəyə göstərdiyi dəstəyə görə “Socar Downstream Management” MMC-nin rəhbərliyinə və SƏTƏMM və Proses Təhlükəsizliyi şöbəsinə təşəkkür edirik.