14 dekabr 2024-cü il tarixində Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası və Fövqəladə Hallar Nazirliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə “Marriott Hotel Boulevard”da ikinci dəfə “Sənaye Təhlükəsizliyi Zirvəsi” keçirilib. Zirvə bir bütöv günü əhatə etməklə rəsmilərin açılış nitqləri, bir Davos və bir TEDx formatlı panellər, həmçinin “HSE Awards” hissələrindən ibarət olmaqla 15-dək spiker və moderatorun iştirakı ilə “Sıfıra doğru” şüarı altında öz sahəsinin 350-dən çox rəhbər, idarəçi və qərarverici şəxslərinin iştirakı ilə təşkil olunub.
bp, “GL Group”, “IST Services” və Latviyanın “SIA Sunstar Group” şirkətinin sponsorluğu ilə baş tutan Zirvə iki paneldən və “HSE Awards” təltifetmə mərasimindən ibarət olub.
“Sənaye Təhlükəsizliyi Zirvəsi”ndə özəl və dövlət müəssisələrinin nümayəndələri, icraçı direktorlar, şirkət rəhbərləri, dövlət qurumlarının rəsmiləri, iş adamları və sahibkarları sənaye təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi və iş yerində təhlükəsizlik mövzularında qlobal yeniliklər, innovativ həllər və qabaqcıl təcrübələri müzakirə edərək fikir mübadiləsi aparıblar.
Tədbirin açılış nitqini Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nazir müavini Vüqar Kərimov, BMT-nin İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu və millət vəkili Nigar Arpadarai, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının İdarə Heyətinin sədri Orxan Xəlilzadə ediblər.
Qonaqları salamlayan Orxan Xəlilzadə “Sənaye Təhlükəsizliyi Zirvəsi”nin əsas məqsədinin ölkəmizdə sənaye təhlükəsizliyi mədəniyyətini inkişaf etdirmək və bu sahədə qabaqcıl təcrübələri paylaşmaq, həmçinin Azərbaycanın iş mühitini daha etibarlı, dayanıqlı gələcəyə aparmaq olduğunu bildirib.
“Sinerjidən enerjiyə” adlanan ilk panelin moderatoru BMT-nin İnkişaf proqramı, Enerji və İqlim Dəyişikliyi layihələri üzrə milli koordinatoru Nazim Məmmədov, spikerləri isə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Azərbaycan Respublikasının Energetika Nazirliyinin Elektrik və istilik enerjisi şöbəsinin müdiri Ələsgər Həsənov, “Masdar Azerbaijan” şirkətinin ölkə üzrə meneceri Murad Sadıxov, “GL Group”un afilə şirkəti “Taghiyev Operating Company” MMC-nin baş meneceri Nadir Əfəndiyev olub. Davos formatında təşkil olunmuş I paneldə innovasiyaları davamlı, karbonsuz bir gələcəyə aparan əməkdaşlıq yaratmaq üçün hökumət, biznes və akademik dairələrin birgə təşəbbüsü ilə alternativ enerji mənbələrinə keçidi sürətləndirmək, sənaye təhlükəsizliyini artırmaq və qabaqcıl həllərlə iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərə rəhbərlik etmə yolları müzakirə edilib.
“Speak-up” adlanan ikinci panelin moderatoru DTSERA-nın Protez-Ortez İstehsalat və Reabilitasiya Mərkəzinin istehsalat üzrə direktor müavini Nazim M. Məmmədov, spikerləri isə AZAL-ın SƏTƏMM və Keyfiyyətə Nəzarət İdarəsinin rəisi Rəşad Haqverdiyev, bp şirkətinin Səngəçal terminalının SƏTƏMM və karbon məsləhətçisi Zibeydə Əliyeva, “PMD Projects” MMC-nin keyfiyyət və SƏTƏMM üzrə rəhbəri Vüqar Hacıyev, Latviyanın “SIA Sunstar Group” şirkətinin biznesin inkişafı üzrə partnyoru Martins Vanags, Əbu-Dabi Dövlət Neft Şirkətinin (ADNOC) “Onshore” əməliyyatlar üzrə ətraf mühit və işçi sağlamlığı meneceri Züleyxa Rəsulova və COP29 Azərbaycan Əməliyyat şirkətinin SƏTƏMM üzrə baş meneceri Nurlan Bağırov olub. İkinci paneldə müxtəlif sənaye liderlərinin TEDx formatında çıxışları ilə karbonsuzlaşdırma və SƏTƏM sahəsindəki yenilikləri müzakirə edərək, açıq ünsiyyət və psixoloji təhlükəsizliyin sənaye innovasiyaları və əməkdaşlığını gücləndirməkdəki rolu vurğulanıb. Eyni zamanda sənaye və əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi ilə mübarizə və iş yerində təhlükəsizliklə bağlı məsələlərdə dünyada tətbiq olunan yeniliklər, bu sahədə müasir innovasiyalar və qabaqcıl təcrübələrlə bağlı məsələlər müzakirə edilib.
Tədbirin üçüncü hissəsində təşkil edilmiş “HSE Awards” təltifetmə müsabiqəsində müxtəlif sənaye sahələrində iş yerində təhlükəsizlik, ətraf mühitin qorunması və dayanıqlılıq üzrə diqqətəlayiq nailiyyətlər mükafatlandırılıb. Bu mərasim SƏTƏMM sahəsində mükəmməllik yanaşmasının yaxşı təcrübələri təşviq edib daha təhlükəsiz və dayanıqlı biznes həllərinin tətbiqini dəstəkləmək məqsədini daşıyır.