“Bir kəmər, bir yol” təşəbbüsü müasir dünya iqtisadiyyatının ən böyük infrastruktur və inkişaf layihələrindən biri hesab edilir. Bu qlobal təşəbbüs Avrasiya qitəsini əhatə edən nəhəng bir iqtisadi dəhlizin yaradılmasını nəzərdə tutur və iştirakçı ölkələrin sosial-iqtisadi inkişafına əhəmiyyətli töhfə vəd edir.
2013-cü ildə Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən irəli sürülmüş bu təşəbbüs beynəlxalq ticarətin və nəqliyyat əlaqələrinin gücləndirilməsi, infrastrukturun inkişafı və ölkələrarası iqtisadi inteqrasiyanın artırılması məqsədini daşıyır. Hazırda dünya əhalisinin 70 %-ni əhatə edən, 149 ölkə və beynəlxalq təşkilatın qoşulduğu sözügedən təşəbbüs çərçivəsində 3000-dən artıq konkret layihə həyata keçirilməkdədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri zamanı strateji əhəmiyyətli razılaşma əldə edildi. Razılaşmaya əsasən “Bir kəmər, bir yol” təşəbbüsü Azərbaycanın iki mühüm strategiyası – “İpək Yolunun dirçəldilməsi” dövlət inkişaf strategiyası və 2030-cu ilə qədər olan sosial-iqtisadi inkişaf Strategiyası – ilə uyğunlaşdırılacaq.
Təşəbbüsün əsas komponentləri olan “İpək Yolu İqtisadi Kəməri” və “21-ci əsr Dəniz İpək Yolu” iki fundamental istiqaməti təşkil edir. “İpək Yolu İqtisadi Kəməri” Asiyadan Avropaya qədər uzanan, əsasən, quru yolları üzərində qurulan ticarət-nəqliyyat dəhlizini əhatə edir. Bu marşrut 6 əsas iqtisadi dəhlizi birləşdirərək 20-dən çox ölkənin ərazisindən keçir.
“Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində birləşdirilmiş 6 əsas iqtisadi dəhliz bunlardır:
Çin – Monqolustan – Rusiya İqtisadi Dəhlizi;
Yeni Avrasiya Torpaq Körpüsü İqtisadi Dəhlizi;
Çin – Mərkəzi Asiya – Qərbi Asiya İqtisadi Dəhlizi;
Çin – Pakistan İqtisadi Dəhlizi;
Çin – Hindistan – Banqladeş – Myanmar İqtisadi Dəhlizi;
Çin – Hind – Çini Yarımadası İqtisadi Dəhlizi.
Azərbaycan üçün ən əhəmiyyətli olanı üçüncü dəhlizdir (Çin – Mərkəzi Asiya – Qərbi Asiya), çünki Orta Dəhliz bu marşrutun tərkib hissəsidir və ölkəmizin tranzit potensialından maksimum istifadə edilməsinə imkan yaradır.
“21-ci əsr Dəniz İpək Yolu” isə 600-dən çox liman şəhərini birləşdirərək dünya dəniz ticarətinin 65 %-ni əhatə edir, həmçinin Asiya, Afrika və Avropa ölkələri arasında dəniz əlaqələrini təmin edir.
Azərbaycan öz coğrafi mövqeyinə görə təşəbbüsdə xüsusi əhəmiyyət kəsb edir. Ölkəmizin reallaşdırdığı Bakı – Tbilisi – Qars dəmir yolu illik 6,5 milyon ton yük və 1 milyon sərnişindaşıma potensialına malikdir. Belə ki, Orta Dəhliz vasitəsilə 2022-ci ildə 1,5 milyon ton, 2023-cü ildə isə 2 milyon ton yük daşınmışdır.
“Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Azərbaycan öz milli inkişaf strategiyalarını – “İpək Yolunun Dirçəldilməsi” Dövlət İnkişaf Strategiyasını və “Azərbaycan 2030: Sosial-İqtisadi İnkişaf Strategiyası”nı uğurla inteqrasiya edir. Bu inteqrasiya nəticəsində ölkənin tranzit gəlirlərində 40 %, birbaşa xarici investisiyalarda 25 % artım müşahidə edilmiş, 10-dan çox yeni regional əməkdaşlıq platforması yaradılmış və 15000-dən çox yeni iş yeri açılmışdır.
2030-cu ilə qədər təşəbbüs çərçivəsində Azərbaycanda 25 milyard dollarlıq investisiya layihələrinin reallaşdırılması planlaşdırılır. Bu təşəbbüs Azərbaycan üçün təkcə nəqliyyat və logistika imkanlarının genişlənməsi deyil, həm də qlobal iqtisadi proseslərə daha sıx inteqrasiya imkanı yaradır. Azərbaycanın bu təşəbbüsdə aktiv iştirakı ölkənin beynəlxalq mövqeyinin güclənməsinə, iqtisadiyyatın şaxələndirilməsinə və dayanıqlı inkişafa mühüm töhfə verəcəkdir.
Beləliklə, “Bir kəmər, bir yol” təşəbbüsü Azərbaycanın regional və qlobal iqtisadi sistemdə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirməklə yanaşı, ölkənin uzunmüddətli inkişaf perspektivləri üçün yeni imkanlar açır. Bu təşəbbüs çərçivəsində həyata keçirilən layihələr və yaradılan əməkdaşlıq platformaları Azərbaycanın iqtisadi potensialının tam reallaşdırılmasına və beynəlxalq ticarət-nəqliyyat şəbəkəsində aparıcı mövqe tutmasına zəmin yaradır.