Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Sənaye Təhlükəsizlik Zirvəsi” 30 noyabr 2023-cü il tarixində “Gülüstan” sarayında Azərbaycan Sənaye Təhlükəsizliyi Assosasiyasının təşkilatçılığı ilə keçiriləcək. Zirvə bir bütöv günü əhatə etməklə 3 fərqli panel, həmçinin 15-dək spiker və moderatorun iştirakı ilə “Sabahın çağırışları” şüarı altında öz sahəsinin 450-dən çox rəhbər, idarəçi və qərarverici şəxslərinin iştirakı ilə təşkil olunacaqdır. “Sənaye Təhlükəsizliyi Zirvəsi”ndə özəl və dövlət müəssisələrin nümayəndələri, icraçı direktorlar, şirkət nümayəndələri, dövlət qurumlarının rəsmiləri, iş adamları və sahibkarların iştirakı ilə sənaye təhlükəsizliyi, əməyin mühafizəsi və iş yerində təhlükəsizliklə bağlı məsələlərdə dünyada tətbiq olunan yeniliklər, bu sahədə müasir innovasiyalar və qabaqcıl təcrübələrin dialoqlar, müzakirələr və fikir mübadilələri ilə paylaşılması hədəflənib.
“Sıfıra doğru” adlı I paneldə aidiyyəti tənzimləyici dövlət qurumunun rəhbərləri Zirvənin konseptinə uyğun olaraq moderatorun suallarını cavablayacaqlar. Ölkəmizdə sənaye təhlükəsizliyi ilə bağlı problemlərdə, karbon emissiyasının azaldılmasında sıfıra doğru hansı addımların atılacağı ilə bağlı müzakirələr olacaq.
“Orta yol” adlı II paneldə biri dövlətin tənzimləyici qurumları, digəri isə özəl sektor nümayəndələri olmaqla iki qarşı tərəfin sənaye təhlükəsizliyi sahəsindəki mövcud vəziyyət, problemlər və həlli yolları ilə bağlı moderatorun idarəetməsi ilə fikir mübadiləsi aparılacaq.
“360 dərəcə” adlı III panel isə müxtəlif sənaye sahələrini əhatə edən SƏTƏM mütəxəssislərinin TEDx formatında solo çıxışlarına həsr olunacaq.