Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası (AISA) ilə Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası (ATMİA) arasında əməkdaşlığa dair qarşılıqlı Anlaşma Memorandumu imzalanıb.
Sənəd tərəflər arasında sənaye və tikinti sahələrində təhlükəsizlik, ətraf mühitin mühafizəsi və davamlı inkişaf istiqamətlərində bilik və təcrübə mübadiləsinin aparılmasını, birgə təlim və layihələrin həyata keçirilməsini, eləcə də bu sahədə normativ tənzimləmələrin uyğunlaşdırılması istiqamətində əməkdaşlığı nəzərdə tutur.
Sənədə əsasən memorandumun məqsədi fəaliyyət göstərdikləri ölkələrin qanunvericiliyi və ümumi maraq doğuran sahələr üzrə birgə təşəbbüslərlə çıxış etməklə təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafına töhfə verməkdir. Əməkdaşlıq çərçivəsində normativ sənədlərin uyğunlaşdırılması, risklərin qiymətləndirilməsi, ESG (ətraf mühit, sosial və korporativ idarəetmə) standartlarının tətbiqi və tikinti sənayesi üzrə tədqiqatların aparılması əsas istiqamətlər kimi müəyyən edilib.
Bundan əlavə, tərəflər arasında əməkdaşlıq fəaliyyəti və istiqamətləri daha ətraflı şəkildə ayrıca əməkdaşlıq proqramında öz əksini tapacaq.