Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) nümayəndə heyəti Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası (AISA) ilə görüş keçirib. Görüşdə Azərbaycanın yaşıl tikinti sahəsində inkişaf perspektivləri və IFC-nin bu sahəyə verə biləcəyi dəstək imkanları müzakirə olunub.
Nümayəndə heyətinə IFC-nin Avropa üzrə baş iqtisadçısı Yohannes (Han) Herderşi və əməliyyatlar üzrə mütəxəssis İrina Kokaia rəhbərlik edib. Görüşdə həmçinin AISA-nın İdarə Heyətinin sədr müavini Türkan Səfərəliyeva və Tikinti Təhlükəsizliyi Komitəsinin rəhbəri Elgün Səfiyarov iştirak ediblər.
Görüş çərçivəsində 2024-cü ilin noyabrında Azərbaycan hökumətinin IFC-nin dəstəyi ilə hazırladığı “Yaşıl Binaların Yol Xəritəsi” üzrə növbəti addımlar, eləcə də dayanıqlı və ekoloji tikinti sahəsində özəl sektorun rolu ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər IFC-nin məşvərətçi xidmətləri çərçivəsində Azərbaycanın tikinti sektorunda yaşıl transformasiyanı dəstəkləmək istiqamətində mümkün əməkdaşlıq sahələrini də nəzərdən keçiriblər. Görüşdə yaşıl tikintiyə olan mövcud və gələcək bazar tələbatının qiymətləndirilməsi də diqqət mərkəzində olub.
AISA və IFC ölkədə dayanıqlı tikinti təşəbbüslərinin genişləndirilməsi istiqamətində qarşılıqlı əməkdaşlığı davam etdirmək niyyətində olduqlarını qeyd ediblər.