Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, “Azəriqaz” İstehsalat Birliyi və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının (AISA) birgə təşkilatçılığı ilə qaz təchizatı sistemlərində təhlükəsizlik və texniki etibarlılıq mövzularına həsr olunmuş “Enerji Təhlükəsizliyi Görüşü: Qaz Təchizatında Texniki Etibarlılıq” adlı tədbir həyata keçirilib.
Görüşün əsas məqsədi enerji sektorunda təhlükəsizlik yanaşmalarının sistemli şəkildə gücləndirilməsi, qaz təchizatı infrastrukturunda texniki etibarlılığın yüksəldilməsi, potensial risklərin kompleks idarə edilməsi və sahə üzrə peşəkar dialoq mühitinin formalaşdırılmasından ibarət olub.
Tədbir həmçinin Qarabağ iqtisadi rayonunda həyata keçirilən bərpa, yenidənqurma, sənaye və infrastruktur layihələri çərçivəsində meydana çıxan təhlükəsizlik məsələlərinin hərtərəfli müzakirəsi üçün mühüm platforma rolunu oynayıb.
Belə ki, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri, yeni sənaye zonalarının və enerji infrastrukturunun yaradılması təhlükəsizlik mədəniyyətinin erkən mərhələdən tətbiq olunmasını zəruri edir.
Görüş zamanı qaz şəbəkələrində təhlükəsizlik riskləri, texniki istismar və preventiv xidmət tədbirləri, SƏTƏMM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) prinsiplərinin sənaye fəaliyyətinə inteqrasiyası, habelə dövlət qurumları ilə sənaye sektoru arasında əməkdaşlığın gücləndirilməsi kimi aktual mövzular ekspertlər tərəfindən praktiki təcrübələr və real nümunələr əsasında dəyərləndirilib.
Tədbirdə dövlət qurumlarının nümayəndələri, sənaye müəssisələrinin rəhbərləri və sahə üzrə mütəxəssislər də daxil olmaqla 50-yə yaxın iştirakçı yer alıb.
İştirakçılar tərəfindən bölgədə formalaşan yeni sənaye mühitində təhlükəsizlik mədəniyyətinin erkən mərhələdən tətbiqinin strateji əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.