.
Süleyman Məcidli 25 sentyabr 1991-ci ildə Masallı şəhərində anadan olub. Orta təhsilini Bakı şəhərində yerləşən Namiq Məmmədov adına 9 nömrəli tam orta məktəbdə və Bakı Özəl Türk Liseyində alıb. 2008-ci ildə Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Orta Doğu Texnik Universitetinin (ODTÜ) Elektrik və elektronika mühəndisliyi fakültəsinə qəbul olunub.
Peşəkar fəaliyyətinə Türkiyədə elektrik avadanlıqları istehsalı sektorunda başlamış, keyfiyyətə nəzarət mühəndisi və SCADA mühəndisi kimi çalışmışdır. Daha sonra Rusiya Federasiyasında iri tikinti və elektromexaniki layihələrdə xərclərə nəzarət və planlama koordinatoru vəzifəsində fəaliyyət göstərib. Azərbaycana qayıtdıqdan sonra enerji sektorunda müxtəlif vəzifələrdə çalışaraq enerji layihələrinin idarə olunması, sənaye müəssisələrinin enerji təminatı, enerji həlləri və biznes inkişafı istiqamətlərində geniş təcrübə qazanıb.
O həmçinin dünyanın aparıcı enerji həlləri şirkətlərindən biri olan “Aggreko” şirkətinin Azərbaycan nümayəndəsi kimi fəaliyyət göstərib.
Sonrakı dövrdə Süleyman Məcidli tərəfindən təsis edilmiş “ENERGAZER” şirkəti enerji auditi, enerji səmərəliliyi və ESCO layihələri, enerji monitorinqi və SCADA sistemləri, reaktiv güc kompensasiyası, bərpa olunan enerji üzrə layihələndirilmə və icra (EPC), mühəndislik-konsaltinq xidmətləri və davamlılıq strategiyalarının hazırlanması istiqamətlərində fəaliyyət göstərən yerli mühəndislik şirkətlərindən birinə çevrilib.